“İdarəetmə sistemini dəyişdirərək, çevrilişlərə yol açan zəifliklərimizdən xilas olduq”
15.07.2022
15 iyulun bizim üçün əsas əhəmiyyəti xalqımızın tarix boyu məruz qaldığı çevrilişlərə qarşı göstərdiyi ilk real və şanlı müqavimətin simvolu olmasıdır.
"DM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "15 iyul – Demokratiya və Milli Birlik Günü” münasibəti ilə müraciətində deyib.
O qeyd edib ki, 15 iyul gecəsi Türk xalqı cümhuriyyəti, demokratiyanı və əldə etdiyi bütün nailiyyətləri canı bahasına müdafiə edib:
"DAEŞ-dən tutmuş PKK/YPG-yə qədər sərhədlərimizdə toplanmış terror təşkilatlarını darmadağın etməklə, təhdidləri mənbəyində qurutmaq strategiyasına keçdik. Əməliyyatlarımızla terror təşkilatlarının hücumlarına öz torpaqlarımızda cavab vermək əvəzinə, onları sərhədlərimizdən kənara atdıq. Siyasi və diplomatik sahədə apardığımız işlər, imzaladığımız razılaşmalarla yeni strategiyamızın legitimliyini gücləndirdik. İdarəetmə sistemimizi dəyişdirərək, çevrilişlərə yol açan zəifliklərimizdən xilas olduq. İqtisadiyyatımızı çökdürməyə çalışan tələləri bir-bir aradan qaldıraraq hədəflərimizdən yayınmağa imkan vermədik. Biz qlobal və regional böhranları ölkəmiz üçün fürsətə çevirmək naminə çox çalışmışıq və çalışırıq”.