Vinnitsaya raket hücumu: Zelenski görüntüləri paylaşıb - FOTO/VİDEO
14.07.2022
Ukraynanın cənub-qərbində Vinnitsa şəhərinə raket hücumu olub. Hədəflər şəhərin mərkəzindəki mülki obyektlər olub. Azı 90 nəfərin yaralandığı və 20 nəfərin, o cümlədən üç uşağın öldüyü bildirilir.
Bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti açıqlama verib.
Təxminən saat 10:45-də (Bakı vaxtı ilə 11:45-də - red.), Vinnitsada hava hücumu xəbərdarlığı elanından təxminən yarım saat sonra bir neçə partlayış baş verib. Daha sonra şəhər və rayon hakimiyyət orqanları raketlərin mülki hədəfləri vurduğunu təsdiqləyiblər.
Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenkonun ilkin məlumatlarına görə, Rusiya raketləri Vinnitsa şəhərinin mərkəzində, insanların sıx olduğu rayonlardan birində ofislərin yerləşdiyi binaya düşüb. Yaxınlıqdakı yaşayış binalarına da ziyan dəyib.
Raketlərin düşdüyü yerdə yanğın baş verib, sonra dayanacağa keçib, 50-yə yaxın avtomobil yanıb.
Hücumun əks olunduğu videonu Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram” hesabında paylaşaraq şərh verib.
"Vinnitsa. Şəhərin mərkəzinə raket zərbələri endirilib. Yaralılar və ölənlər var, onların arasında azyaşlı uşaq da var.
Rusiya hər gün dinc əhalini məhv edir, ukraynalı uşaqları öldürür, mülki obyektlərə raketlər yönəldir. Bu, açıq terror aktı deyilsə, nədir?
İnsan deyillər.
Qatil ölkə. Terror ölkəsidir”, - deyə Zelenski qəzəbini ifadə edib.
Zelenskinin paylaşdığı videoda partlayışın baş verdiyi ərazidən qara tüstünün qalxdığı, yanğınsöndürənlərin yanğına müdaxilə etdikləri görünür.