Beynəlxalq axtarışa verilən bir sıra şəxslər Azərbaycana ekstradisiya edilib
13.07.2022
Qanunsuz olaraq psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Polşadan ölkəmizə təslim edilməsi təmin olunub.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Həmçinin, insanların etibarından sui-istifadə edərək dələduzluqda təqsirləndirilən digər iki şəxsin yerləri Şimali Makedoniyada və Polşada müəyyən edilərək onların ölkəmizə ekstradisiyasına nail olunub.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Qeyd edək ki, ötən aylarda qəsdən sağlamlığa ağır zərər vurma, cinayətkar birlikdə iştirak etmə, rüşvət vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən bir sıra şəxslər Almaniya, Polşa, Türkiyə, İran və Ukraynadan ölkəmizə gətirilib.