Qazinin məhkəmədə ölümü: kim məsuliyyət daşıyır?
08.07.2022
Kredit borcuna görə zaminin maaş və əmək haqqından 50 faizdən artıq tutulmasına qanun icazə vermir. Mütləq vəfat edən şəxsin kartının blok olma səbəbini araşdırmaq lazımdır.
Bunu tanınmış vəkil Aqil Layıc ötən gün Sumqayıtda məhkəmə qərarlarının icrası binasında 5 uşaq atası olan qazi, polkovnik-leytenant Şahmurad Məmmədovun ölümü haqda danışarkən deyib.
O bildirib ki, zaminin gəlirinin 50 faizinin tutulması qanunu Milli Məclis tərəfindən qəbul edilib:
"Kart yüz faiz həcmində bloklanıbsa, gəlirin hamısı ödənişə yönəldilibsə, burada artıq birbaşa məsuliyyəti icra məmuru və məmurun tələblərini yerinə yetirən bank daşıyır ”, - hüquqşünas deyib.
Qeyd edək ki, dünən qazi, polkovnik-leytenant Şahmurad Məmmədov Sumqayıtda məhkəmə binasında ürəyi partlaması nəticəsində dünyasını dəyişib.
İddialara görə, məhkəmə və bank 5 uşaq atası olan Ş.Məmmədovun bütün pensiyasını borca yönəldib, kartı isə bloklanıb.