Gürcüstan tam proporsional seçki sisteminə keçə bilər
07.07.2022
Gürcüstan tam proporsional seçki sisteminə keçə bilər.
"DM" xəbər verir ki, hakim Gürcü Arzusu Partiyası bununla bağlı üzərinə siyasi öhdəlik götürüb.
Partiya sədri İrakli Kobaxidze bildirib ki, 2024-cü ildə parlament və növbəti seçkilərin tam olaraq proporsional sistem və 2 faizli seçki baryeri ilə keçirilməsini nəzərdə tutan qanun qəbul olunacaq. Onun sözlərinə görə, Gürcüstan parlamenti qanunu ölkənin Avropa İttifaqına üzvlüyə namizəd statusu almasından sonra ən geci bir aydan sonra qəbul edəcək.
İ.Kobaxidze qeyd edib ki, bununla bağlı siyasi öhdəliyi "Gürcü Arzusu”nun Siyasi Şurası və parlament çoxluğu öz üzərinə götürür.
O bildirib ki, Gürcüstanın üzvlüyə namizəd statusu əldə etməsi əvvəlcə ölkədə qütbləşmənin səviyyəsini azaltmağa, daha sonra seçki baryerinin aşağı salınmasına kömək edəcək.
Qeyd edək ki, Gürcüstanda 2020-ci ilin oktyabrında keçirilən son parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutub.