Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən verilən məlumata görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 97 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər, o cümlədən "Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Yanğın zaman 1 nəfər xəsarət alıb. Həmçinin, Bakı-Xaçmaz avtomobil yolunda VAZ markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalan 1986-cı il təvəllüdlü Aydın Əlif oğlu Məmmədov, 1957-ci il təvəllüdlü Nadim Məhəmməd oğlu Səlimov və 1967-ci il təvəllüdlü Zülfət Seyfulla qızı Səlimovanın meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Xaçmaz rayonunun İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) batması ehtimal olunan 1 nəfərin axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.