Bakıda köhnə binaların söküntüsü hansı formada həyata keçirilməlidir?
06.07.2022
Təxminən 15 il bundan əvvəl Azərbaycan neftdən böyük gəlirlər əldə etməyə başladı və bunun fonunda Bakının siması dəyişməyə başladı.
Paytaxtda böyük abadlıq və quruculuq işləri görüldü, infrastruktur layihələri həyata keçirildi, son illər isə xeyli sayda hündürmərtəbəli yaşayış binaları tikildi.
Bu binalar əksər hallarda köhnə, istismar müddəti çoxdan başa çatmış 1-2 mərtəbəli fərdi evlərin sökülməsi hesabına inşa edildi və bu proses hələ də davam edir. Bununla belə, təcrübə göstərir ki, köhnə evlərin sökülməsi, oradan yaşayanların köçürülməsi, vətəndaşlara yeni tikilən binalardan mənzillər verilməsi prosesi heç də asanlıqla getmir. İnsanlarla sahibkarlar arasında narazılıq yaranır. Bakıda köhnə binaların söküntüsü hansı formada həyata keçirilməlidir?
Bu məsələ ilə bağlı daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyevin fikirlərini söyləyib.
Ekspert deyir ki, istismar müddətini bitirmiş binaların sökülməsi zamanı tikinti şirkətləri ilə vətəndaşlar arasında yaşanan narazılıqlar daşınmaz əmlak bazarının ən aktual problemlərindəndir.
"Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə 2016-cı ildən Bakıda istismar müddətini bitirmiş binaların sökülməsi, yeni binalarla əvəzlənməsi prosesinə başlanıldı. Həmin ildən bəri Bakıda çox sayda bina sökülüb və yeniləri tikilərək vətəndaşlara təhvil verilib. Bakıdakı köhnə binaların böyük əksəriyyəti istismar müddətini bitirib. Tikinti şirkətləri isə harda geniş həyəti olan binalar varsa, onları sökməyə başladılar. Bu səbəbdən istismar müddətini bitirmiş binaların söküntüsü dayandı. Növbəti mərhələdə sırf qəzalı vəziyyətdə olan, yəni Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qəzalı olduğu qeydə alınan binaların söküntüsünə icazə verilməsinə başlanıldı. Bakıda qəzalı vəziyyətdə təkcə çoxmənzilli yaşayış binası deyil, fərdi həyət evləri də var. Təbriz küçəsində, Yasamalda, "Papanin” kimi tanınan ərazidə yaşı çox olan həyət evləri var ki, həm istismar müddətini bitirib, həm də şəhərin ümumi xarici estetik görünüşünə xələl gətirir. Bunların sökülüb əvəzinə hündür mərtəbəli binaların tikilməsi nəzərdə tutulub”, - o qeyd edib.
E.Fərzəliyevin sözlərinə görə, köhnə binaların sökülməsi zamanı yaşanan problemlərin ilkin səbəbi vətəndaşın tikinti şirkətinə inanmamasıdır: "Köhnə binaları sökmək üçün tikinti şirkəti vətəndaşla danışıq aparır. Bu zaman əksər hallarda vətəndaşlar tikinti şirkətlərinə inanmır. Burda vətəndaş müəyyən qədər haqlıdır. Köhnə binaların söküntüsü ilə bağlı tikinti şirkətləri aidiyyatı dövlət qurumlarından bütün sənədləri alırlar. Sənədlər toplanmasa, binanın qəzalı olması barədə FHN-nin rəyi olmasa, tikintiyə icazə verilməsə, köhnə binanı söküb yenisini tikmək olmur. Şirkətlərin ən böyük səhvi odur ki, vətəndaşları o sənədlərlə tanış etmirlər. Hesab edirəm ki, bina qəzalıdırsa və sökülüb yenisi tikilməlidirsə, onun qəzalı olması, binanın sərəncamı, layihəsi ilə bağlı bütün sənədlər toplanıbsa, aidiyyatı dövlət qurumları tərəfindən bu icazələr verilirsə, vətəndaşlarla tikinti şirkətləri deyil, həmin dövlət qurumlarının nümayəndələri danışıq aparmalıdır. Həmin nümayəndə vətəndaşa bildirməlidir ki, biz dövlət qurumu olaraq bu binanın sökülməsi ilə bağlı qərar vermişik və zəmanət veririk ki, bu bina filan tarixdə söküləcək, filan tarixdə yenisi sizə təhvil veriləcək. Vətəndaşları daha çox narahat edən bu zəmanətin olmamasıdır. Dövlət qurumu tərəfindən bu zəmanət verilsə, sakinlər də heç bir problem olmadan öz evlərini boşaldıb kirayə evlərə köçərlər. Çünki bu proses sakinlər üçün də faydalıdır. Belə ki, onlara yeni binadan və əvvəlkindən daha dəyərli və daha yaxşı təmirli mənzil veriləcək. Bu prosesdə müəyyən kriteriyalar qoyulmalıdır. Hansı mənzilin əvəzində konkret olaraq neçə kvadrat sahəli mənzilin veriləcəyi müəyyən edilməlidir”.
Ekspert deyib ki, Bakıda elə binalar var ki, sakinlərinin bir hissəsi köçüb, amma bir neçə sakin köçməyib deyə binanın söküntüsü aparıla bilmir: "Tikinti şirkəti həmin köçən sakinlərə məcburi kirayə pulu ödəyir. Digər tərəfdən şirkət onlar qarşısında öhdəlik götürür ki, müəyyən müddətə bina tikilib sizə təhvil veriləcək. Amma digər sakinlərin binadan köçməməsi tikinti şirkətinin götürdüyü öhdəliyi pozur. Bir də görürsən, aradan 4 il keçir amma sakinlər evlərinə köçə bilmirlər. İstismar müddətini bitirmiş binaların və həyət evlərinin sökülməsi prosesinin sürətlə getməsi üçün dövlət qurumları addım atmalıdır. Tikinti şirkətlərində bu söküntüyə maraq olmasa, həmin binanı sökən olmayacaq və bu qəzalı binalar daha da qəzalı vəziyyətə düşəcək, təhlükə mənbəyinə çevriləcək”.
"Bir müddət əvvəl Bakıda 132 min binanın söküləcəyi barədə xəbərlər yayılmışdı. Bu xəbərlər tamamilə yanlışdır. Çünki paytaxtda cəmi 11 min istismar müddətini bitirmiş bina var. Ümumi götürsək, 2000-ci ildən bu günə Bakıda iki minə qədər də yeni tikili bina inşa edilib. Maksimum 15 min də digər binalar var. Yəni bu gün Bakı və Abşeron ərazisində 132 min bina yoxdur”, - E.Fərzəliyev əlavə edib.