Cahit Bağcı: "Qərbin qaz təhlükəsizliyi təminatında Azərbaycanın rolu olduqca artıb"
06.07.2022
"Qərbin problemlərinin həllində Türkiyənin və Azərbaycanın rolu, xüsusilə qaz təhlükəsizliyi baxımından Azərbaycanın rolu olduqca artıb".
"DM" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında bildirib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan heç bir vaxt olmadığı qədər rolu güclənən dövlətlərə çevirilib.
Səfir əlavə edib ki, Qərblə Türkiyənin əməkdaşlığı son dərəcə güclüdür: "Türkiyənin əsas ixracı həm də Qərbə istiqamətlənib".
"Azərbaycan və Türkiyə Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhəmiyyətini, dəyərini yaxşı bilir və bu istiqamətdə birlikdə hərəkət edir", - C.Bağcı bildirib.
Onun sözlərinə görə, bu ay Türkiyə-Azərbaycan-Qazaxıstan nazirlərinin nəqliyyatla bağlı toplantıları keçirilib: "Toplantı çərçivəsində Bakı Bəyannaməsi imzalanıb. Orta Dəhliz istiqamətində problemləri həll etmək və mövcud geosiyasi vəziyyəti leyihimizə çevirməyi müzakirə etdik".
Səfir deyib ki, Azərbaycan və Türkiyə dövlət başçılarının ortaya qoyduğu siyasi iradənin biznes sektoruna da təsiri vacibdir: "Ticarət Asiyada başlayıb və ticarətin mərkəzi Asiyadir. Ona görə də bu potensialı yenidən reallaşdırmalıyıq. Türk Dövlətləri arasında ticarət çox məhduddur, çox azdır. Biz öz aramızda ticarəti gücləndirəcək, əngəlləri aradan qaldıracaq siyasət həyata keçirməliyik".