İlham Əliyev dörd ölkə ilə imzalanmış vacib sənədləri TƏSDİQLƏYİB
05.07.2022
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə” təsdiq edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Sənəd 2022-ci il mayın 19-da İstanbul şəhərində imzalanıb.
Bundan başqa, dövlət başçısı 2022-ci il martın 30-da Təl-Əviv şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.
Eyni zamanda, İlham Əliyev "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb. Bu sənəd 2021-ci il aprelin 30-da Bakı və Cakarta şəhərlərində imzalanıb.
Bununla yanaşı, İlham Əliyev 2021-ci il oktyabrın 21-də Bakı və Ulan-Bator şəhərlərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.