Əliyev və Mirziyayev Daşkənddə açılış ediblər-FOTO
21.06.2022
İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub.
"DM" xəbər verir ki, Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev açılış mərasimində iştirak ediblər.
Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.
Sonra Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər şəxslər çıxış etdilər.
Dövlət başçıları memorial kompleksin açılışını etdilər.
Daha sonra Prezident İlham Əliyev və Prezident Şövkət Mirziyayev memorial kompleksin önünə gül dəstələri qoydular.