Qubada tatarlar milli bayramlarını qeyd edirlər - VİDEO
20.06.2022
Kimisi milli mahnı oxuyur, kimisi milli geyimlər geyinərək rəqs edir, kimisi də musiqi alətində ifa edir. Söhbət Azərbaycanda yaşayan tatarların milli bayramından gedir.
Ölkəmizdə yaşayan tatarlar Sabantuy bayramını qeyd edirlər. Bu bayram tatarların milli bayramıdır.
Sabantuy bayramının tarixi kökləri çox qədimlərə gedir. Sabantuyun hərfi mənası kotan bayramı kimi tərcümə olunur. Bayram hər il yaz əkin işləri bitəndən sonra, iyunda qeyd edilir. Ölkəmizdə yaşayan yüzlərlə tatar bu dəfə bayramı təntənəli surətdə Qubada qeyd edib. Rayonun Qəçreş istirahət zonasında baş tutan Sabantuy bayramı ilk dəfədir ki, bölgələr üzrə Qubada keçirilib.
1200-ə yaxın şəxsin iştirak etdiyi mərasimdə tatarların milli musiqi və rəqsləri, Azərbaycan və tatar milli mətbəxinin dadlı təamları, əyləncəli müsabiqələr təqdim edilib. Bununla yanaşı, tatar estradasının tanınmış nümayəndələri populyar tatar mahnıları, özfəaliyyət kollektivləri milli folklor nümunələri ilə çıxış ediblər.
Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Baçarnikov, Bakı Rus Evinin rəhbəri İrek Zunnurov da iştirak edib. Sabantuy bayramının Azərbaycanda ənənəvi olaraq qeyd edilməsi xalqlarımız arasında dostluq münasibətlərinin göstəricisidir. Tatar xalqının milli bayramının belə təntənə ilə keçirilməsi isə Azərbaycanın əsl tolerantlıq nümunəsi olduğunu bir daha sübut edir.
Qeyd edək ki, Azərbaycanda hazırda 25 mindən çox tatar yaşayır.