Deputat AZAL-a Milli Məclisdən cavab verib
17.06.2022
Naxçıvana təyyarə qiymətəri 60 manata qaldırılıb. AZAL-a dövlət dotasiya verilir, bəli, sıxıntılar da var. Amma nə qədər ki, dəmir yolu, quru yolu açımayıb, qiymətlərə baxılmalıdır.
"DM" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, Naxçıvana İran üzərindən avtomobil yolu mövcuddur:
"Əvvəl bu yolla Naxçıvana getmək 30 manat idi. Sonra İran vergiləri qaldırdı və indi bu yolla Naxçıvana getmək 38 manata başa gəlir. Vaxt itkisini də hesablasaq, bu, o qədər də sərfəli deyil”.
Deputat deyib ki, AZAL-ın Naxçıvana təyyarə biletini qaldırması bir yana, indi biletin özü tapılmır:
"Naxçıvanda insanlar var ki, Bakıya xəstəxanlara gələ bilmir. Dünən AZAL açıqlamamıza cavab olaraq bildirib ki, onlayn qaydada bilet satışı açılıb. Elə Türkiyəyə də onlayn satış biletini açıblar. Bilet probleminin yaranmasında birinci səbəb turizm şirkətləridir və onlar biletləri əvvəlcədən alırlar.
Digər tərəfdən, Türkiyəyə də biletlər Gürcüstanla müqayisədə 5-6 dəfə bahadır. Bizim Türkiyədə təhsil alan tələbələrimiz müxtəlif şəhərlərdən hava nəqliyyatı vasitəsilə İqdıra gəlir və Naxçıvan üzərindən Bakıya qayıtmağa üstünlük verirlər. Yəni söhbət təkcə Naxçıvan əhalisindən getmir. Bu məsələ bütün əhaliyə təsir edir. Hesab edirəm ki, bu problem üzərində hökumət həssaslıqla düşünməli, problemi çalışıb həll etməlidir”.
Qeyd edək ki, Fazil Mustafanın bu istiqamətdə yaydığı məlumata AZAL ötən gün cavab vermişdi.