Britaniyada azad edilmiş ərazilərin minalardan təmizlənməsinə dəstək müzakirə edilib
14.06.2022
"Birləşmiş Krallığın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreq Hands ilə görüşdə Avropanın təbii qaz təchizatının şaxələnməsində Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyəti və təmiz enerji üzrə əməkdaşlıqdan bəhs etdik”.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.
"Birləşmiş Krallığın ixracat naziri Mike Freer ilə ölkələrimiz arasında "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" və azad edilmiş ərazilərin minalardan təmizlənməsinə dəstəklə bağlı müzakirələr apardıq”, - nazirin digər paylaşımında qeyd olunub.
Bununla yanaşı, Pərviz Şahbazov Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasından əvvəl Baş nazirin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla da görüşüb.
Qeyd edək ki, Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti 14 iyun tarixində keçiriləcək Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak etmək üçün Londona səfər edib.