Stoltenberq: "Yunanıstan və Türkiyə arasında insident riskini azaltmaq üçün çalışmalıyıq"
14.06.2022
NATO müxtəlif coğrafiyası, tarixi və siyasi partiyaları olan 30 ölkənin ittifaqıdır. Bəzən ölkələrimiz arasında kəskin fikir ayrılıqlarının olması bizi təəccübləndirməməlidir.
"DM" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq AMNA-ya müsahibəsində Türkiyə və Yunanıstan arasındakı münasibətlərlə bağlı sualı cavablandırarkən deyib.
"Fərqli baxışlar və müzakirələr bizim demokratiyamızın vacib hissəsidir. Həm Yunanıstan, həm də Türkiyə onilliklərdir ki, müttəfiqlərdir və hər gün Yunanıstan və Türkiyə ən aktual təhlükəsizlik çağırışlarına cavab vermək üçün 28 digər müttəfiqlə birlikdə NATO-da birgə çalışır.
Aralıq dənizi NATO üçün həyati əhəmiyyət kəsb edir. Yunanıstan, Türkiyə, bir çox müttəfiqlər və digər ölkələr burada müntəzəm olaraq fəaliyyət göstərir. Keçmişdə Yunanıstan və Türkiyə qüvvələri arasında insidentlər olub və biz gələcəkdə belə insidentlərin riskini azaltmaq üçün əlimizdən gələni etməliyik.
Belə halların təkrarlanmaması hər kəsin marağındadır", - NATO Baş katibi vurğulayıb.
O, 2020-ci ildə NATO-nun Şərqi Aralıq dənizində insident riskini azaltmaq üçün Yunanıstan və Türkiyə arasında xüsusi hərbi mexanizminin yaradılmasına köməyi xatırladıb: "Yunanıstan və Türkiyəni Egeydəki fikir ayrılıqlarını etimad və müttəfiq həmrəyliyi ruhunda həll etməyə çağırırıq. Bu, təmkin və vəziyyəti gərginləşdirə biləcək hər hansı hərəkət və ya ritorikadan çəkinmək deməkdir. Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibənin Avropada sülhü pozduğu bir vaxtda müttəfiqlər üçün birləşmək daha vacibdir”.