Təhsil naziri “Son zəng” münasibətilə məzunları təbrik edib
14.06.2022
Təhsil naziri Emin Əmrullayev "Son zəng” tədbiri ilə bağlı qatıldığı 234 nömrəli məktəbdə məzunları təbrik edib.
"DM”-nın məlumatına görə, təbrikdə deyilir:
"Məktəbi bitirməyiniz münasibəti ilə bütün məzunları "Son zəng”lə bağlı təbrik edirəm. Bu gün elə günlərdən biridir ki, hər zaman yadda qalacaq. Bu gün həm də məsuliyyətli gündür. Artıq 11 illik böyük məktəb ili geridə qalıb. Bu müddət ərzində öyrəndikləri sinif yoldaşlarından, dostlarından, müəllimlərdən, məktəbdən ayrılıb yeni dünyaya atılırsınız. Yəqin ki, əksəriyyət yay aylarında qəbul imtahanları gözləyir. Bir qismi başqa təhsil, yaxud hərbi xidmət gözləyir. Həyatın sizə hazırladığı hansı hekayədən asılı olmayaraq hər birinizə uğurlar arzulayıram.
Builki "Son zəng” gözəl ilə təsadüf edir. Belə ki, ölkə başçısının sərəncamı ilə Azərbaycanda 2022-ci il "Şuşa ili” elan olunub. Şuşa ilinin məzunları olmaq hər kəs üçün qürurvericidir. Hər birimiz Azərbaycanın şanlı Qələbə tarixinin şahidi olmaqdan qürur duyuruq.
Eyni zamanda məzun olduğunuz dövrdən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi yəqin ki, hər birinizin həyatında əsaslı rol oynayacağını vurğulaya bilərəm. Bu il məktəbi bitirib müxtəlif ixtisaslara yiyələnəcəksiniz. Bir ixtisas mütləq olacaq. İnanıram ki, bir qisminizin işi, peşəsi məhz işğaldan azad olunmuş torpaqların bərpasına sərf ediləcək. Öz əmək fəaliyyətinizi şanlı və şərəfli işə yönəldəcəksiniz.
Müəllimləri də xüsusi təbrik edirəm, çünki bu gün siz öz əməyinizin bəhrəsini görürsünüz. Valideynlərə də təbrik düşür. Övladlarını 11 il hazırlayıb məktəbə göndərmək çətin dövrləri arxada qoyurlar.
Bu gün ölkədə 91 mindən artıq məzun məktəbi bitirir. Azərbaycan gənc ölkədir, əhalinin təxminən 2/3-sinin yaşı 40-dan aşağıdır. Gənc xalq olmağımızın üstünlüyü odur ki, ölkənin inkişafında, rifahında rolu böyükdür. Bu gün ən vacib arzum ondan ibarət olacaq ki, harada hansı peşədə olmalarından asılı olmayaraq daim Azərbaycanın inkişafına töhfə verən vətəndaşlar olasınız”.