“Müharibə zamanı Rusiya 400-ə yaxın beynəlxalq müqaviləni pozub”
10.06.2022
2014-cü ildən bəri Rusiya Ukraynaya qarşı müharibə zamanı 400-ə yaxın beynəlxalq müqaviləni pozub. Xüsusilə Ukraynaya qarşı təcavüzdən çəkinmək öhdəliyi imzaladığı Budapeşt Memorandumunu pozub.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kopenhagen Demokratik Sammitinin iştirakçılarına müraciəti zamanı deyib.
"Söz həmişə qanunun əsasıdır. Söz həmişə müqavilənin əsasıdır. Konvensiyalar, nizamnamələr, bəyannamələr və əlbəttə ki, memorandumlar. Yalnız Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı - və bu, davam edir, xatırladıram ki, 24 fevraldan yox, 2014-cü ildən - Rusiya dövlətlərimizin qoşulduğu dörd yüzə yaxın müxtəlif beynəlxalq müqaviləni pozub”, - deyə Zelenski bildirib.
Prezident bu cür müqavilələrin pozulmasına dair bəzi nümunələr göstərib və Budapeşt Memorandumunu xüsusilə vurğulayıb.
"Və biz hamımız Budapeşt Memorandumunu xatırlamalıyıq, bu razılaşmanın Rusiya tərəfindən pozulması bu mənzərəyə maksimal dərəcədə etinasızlıq əlavə edir. Bu qanun pozuntusu ilə Rusiya dünyada nüvə tərksilahı uğrunda bütün mübarizəni zəiflədib”, - deyə prezident qeyd edib.
"Üçüncü ən böyük nüvə arsenalının alındığı Ukrayna bu ölkəyə təcavüzdən çəkinmək öhdəliyini imzalayanlar sırasında olan və hələ də nüvə dövləti olaraq qalan bir dövlət tərəfindən hücuma məruz qalırsa, nüvə tərksilahı ilə bağlı deyilən sözlərin nə dəyəri ola bilər?” - deyə dövlət başçısı vurğulayıb.
Mənbə: UNİAN