DYP rəisinin rüşvət alması ilə bağlı səs yazısı yayılıb- Video
09.06.2022
Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis baş leytenant Vasif Bəliyar oğlu Bəşirlinin səs yazıları yayılıb.
"DM" Trend-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə video formatda yayılan səs yazısında yol polisi rəisi Vasif Bəşirli qabaqcadan əlbir olduğu şəxslə birlikdə müxtəlif şəxslərdən rüşvət alaraq onları Şabran rayonunda işə düzəltdiyi iddia olunub.
Səs yazısında yol polisi rəisi olduğu deyilən şəxs digər şəxsdən tələb edir ki, işə düzəltdiyi şəxslərin hər birindən məcburi halda 400-500 manat alıb ona gətirsin. Səs yazısında həmin şəxs deyir ki, digər şəxslərdən isə ilk ayının maaşı rüşvət kimi tutularaq ona veriləcək.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu məlumatla bağlı araşdırma aparılır.