DYP: Şəhər mərkəzinə şəxsi maşınınızla getməyin
09.06.2022
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar vətəndaşlara növbəti dəfə çağırış edib.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, iyunun 6-dan iyunun 13-dək keçiriləcək bu mötəbər yarışla əlaqədar paytaxt ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərinin bir sıra küçə və prospektləri hərəkətə bağlanmış və istiqamətlər dəyişdirilib. Yarışla əlaqədar avtomobil sahiblərindən iyunun 13-dək mərkəz istiqamətlərində hərəkətlərini məhdudlaşdıraraq əsasən ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik.
Vaqif Əsədov yollarda müşahidə olunan son vəziyyətlə bağlı sürücülərə müraciət edərək paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə əlaqədar müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edib.
"Paytaxt ərazisində Dövlət Yol Polisi və aidiyyəti üzrə daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş qaydada xidmətlərini davam etdirir. Nizamlayıcı qismində əməkdaşlarımızın verdiyi bütün göstərişlərə sürücülərimiz diqqətlə əməl etməlidirlər. Gündəlik hərəkətin fasiləsizliyini, süni sıxlıqların yaranmaması üçün isə mərkəzə doğru səfərləri azaltmalı, vətəndaşlarımızdan daha çox ictimai nəqliyyata üstünlük verməyi də xahiş edirik”, - deyə İdarənin bölmə rəisi vurğulayıb.