21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Putinin nəyə qadir olduğunu anlamadıq

08.06.2022

NATO Rusiyanın hərbi potensialını qiymətləndirməkdə və 2008-ci ildə Ukrayna və Gürcüstana Üzvlük Fəaliyyət Planını verməməkdə səhv etdi.

"DM" xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

Onun sözlərinə görə, 2008-ci ildə Buxarestdə keçirilən NATO sammiti zamanı qurum Ukrayna və Gürcüstanın alyansa üzv olacağı barədə razılığa gəlib, lakin bu iki ölkəyə Üzvlük Fəaliyyət Planınının verilməsi ilə bağlı razılıq əldə olunmayıb.

NATO-nun keçmiş baş katibinin fikrincə, ikinci səhv 2014-cü ildə Rusiyanın Krımı ilhaqına Qərbin yumşaq sanksiyalarla zəif reaksiya verməsi idi. Onun sözlərinə görə, bu, həm də Rusiya prezidentində demək olar ki, heç bir xərc çəkmədən torpaqları zorla ələ keçirməyə davam edə biləcəyi təəssüratını yaratdı:

"Hərbi texnikaya böyük sərmayə qoyulmasına və köhnə sovet bazalarının bərpasına baxmayaraq, biz çox zəif rus ordusu görürük. Bircə bunun niyə belə olduğunu aydınlaşdırmaq qalır. Düşünürəm ki, səbəblərdən biri korrupsiya ola bilər. Ancaq başqa bir yanlış hesablama ondan ibarətdir ki, biz Prezident Putinin qəddarlığını və ambisiyasını lazımi səviyyədə qiymətləndirməmişik”.

Rasmussen qeyd edib ki, Putinin kütləvi qırğın silahlarından istifadə edəcəyinə inanmır, çünki Rusiya prezidenti buna NATO-nun qəti cavab verəcəyini anlayır.

Keçmiş baş katib Fransa Prezidenti Emmanuel Makronun "Qərb Putini alçaltmamalıdır” fikri ilə razılaşmayıb və vurğulayıb ki, ukraynalılar qalib gəlməli və Qərb bunun üçün bütün lazımi dəstəyi verməlidir:

"Biz Putini alçalmaqdan xilas edə bilmərik. Cənab Putinin simasını xilas etməyin qiyməti Ukraynada rus qoşunlarının aşkar məğlubiyyətindən qat-qat yüksək olacaq. Ukrayna bu müharibədə qalib gəlməlidir, çünki Putin Ukraynada uğur qazansa, dayanmayacaq. O, Moldovada, Gürcüstanda fəaliyyətini davam etdirəcək və sonda üç Baltikyanı ölkəyə də təzyiq göstərəcək. Ona görə də ukraynalılar qalib gəlməlidir və onların döyüşmək iradəsi var. Bizim vəzifəmiz onlara hərbi vasitələr verməkdir”.

Rasmussenin sözlərinə görə, Rusiyanın təcavüzünün səbəbi NATO-nun genişlənməsi deyil:

"Çünki NATO genişlənməklə bağlı təbliğat aparmayıb, əksinə, Mərkəzi və Şərqi Avropadakı sosialist ölkələri təhlükəsizlik zəmanəti almaq üçün Alyansa üzv olmaq istəyirlər. Ona görə də NATO-nu ittiham etməzdən əvvəl insanlar fikirləşməlidirlər ki, niyə Rusiyanın qonşuları NATO-ya üzv olmağa can atır? Çünki onlar Rusiya tərəfdən təhlükə görürlər. Buna görə də təcavüzə görə məsuliyyəti yalnız bir ölkə daşıyır, o da Rusiyadır”.