Nazir müavini: "Kəlbəcər-Laçında külək enerjisi stansiyasının tikintisi üçün müqavilə bağlanacaq"
07.06.2022
Hazırda bütün dünyada qlobal enerji keçidi, hasilat sənayesinin karbonsuzlaşması və "yaşıl enerji”nin inkişafı haqqında danışılır. Bu məqsədlərə nail olmaq üçün ənənəvi enerji daşıyıcılarından tədricən uzaqlaşmaq və alternativ enerji mənbələrinə keçid məsələsi fəal şəkildə müzakirə olunur. Lakın bu kifayət qədər mürəkkəb və böyük sərmayələr tələb edən prosesdir.
Azərbaycan alternativ enerjinin inkişafı sahəsində də qarşısına kifayət qədər iddialı məqsədlər qoyub və hazırda bu istiqamətdə fəal iş aparılır: layihələr hazırlanır, müqavilələr və sazişlər imzalanır. Bu sahənin inkişafında Qarabağ və işğaldan azad olunmuş ərazilər xüsusi yer tutur.
Energetika nazirinin müavini Elnur Soltanovun müsahibəsi:
- Elnur müəllim, qlobal səviyyədə neft və qazın hələ də əsas enerji mənbələri kimi qalmasına baxmayaraq, karbonsuzlaşma məsələsi öz aktuallığını qoruyub saxlayır. Karbonsuzlaşma prosesi hansı məsələləri əhatə edir?
- Karbonsuzlaşma ümumi ifadədir. Bu həm karbohidrogenlərdən istifadənin azaldılmasını, həm karbon və digər qazların anbarlaşdırılmasını və eyni zamanda, sistemin elektrikləşdirilməsi mənasına gəlir. Bilirsiniz ki, neft və ya qazı əvəzləmək çox çətindir, çox bahalıdır. Amma əgər nəqliyyat elektrikləşdirilməsə, neftdən vaz keçmək çox çətin olacaq. Evlərin də isidilməsində xüsusən karbohidrogenlər çox əhəmiyyətli rol oynayır, yəni evlərin isinməsi özü elektrikləşməsə, onda karbonsuzlaşmaya nail olmaq çətindir.
- Bu yaxınlarda BP şirkətinin enerji keçidinə dəstək məqsədilə karbonsuzlaşmaya dair əhatəli təklif və tövsiyələrini əks etdirən sənədi Energetika Nazirliyinə təqdim edib. Bu sənəd çərçivəsində hansı işlər aparılır?
- BP-nin təqdim etdiyi sənəd çox böyükdür. Biz o sənədin içində ata biləcəyimiz konkret addımlar üzərində düşünürük. Əsas təkliflər, Cəbrayılda tikiləcək günəş elektrik stansiyasının tikintisi, dənizdə külək enerjisinin istifadə edilməsi və karbon qazlarının tutulması və saxlanılması istiqamətlərini əhatə edir.
- Xəzərdə külək enerjisindən istifadə məsələsinə bir sıra şirkətlər maraq göstərir, sənədlər də imzalanıb, bu nə ilə əlaqəlidir?
- Bu sahədə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə müvafiq sənəd var, Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti ilə də var, BP ilə də ümumi sənəd imzalanıb. Bu da onunla bağlıdır ki, potensial həddindən çox böyükdür, yəni orada bir şirkət tərəfindən bütün bu potensialın reallaşdırılması qeyri mümkündür. Orada nəinki üç, daha çox şirkət üçün kifayət qədər böyük potensial var.
- Qarabağda "yaşıl zona”nın yaradılması və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı böyük planlar var. Hazırda bu istiqamətdə nə kimi işlər aparılır?
- Qarabağda "yaşıl zona”nın yaradılması çərçivəsində işlər davam edir. Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi proqramımız var, Kəlbəcər-Laçın iqtisadi rayonunda 100 meqavat və daha çox külək enerjisi stansiyasının tikilməsi istiqamətində yaxın vaxtlarda müqavilə bağlana bilər. Müzakirələr çox intensiv davam edir.
"Yaşıl zona”nın yaradılması sadəcə bərpa olunan mənbələrdən enerjinin alınmasından daha böyük bir məsələdir. Bu istiqamətə həm evlərin enerji səmərəliliyi məsələsi, kiçik su elektrik stansiyalarının yaradılması da daxildir. Nə vaxt özəl şirkətlərə investor olaraq müraciət olunacağı isə sadəcə zaman məsələsidir.
Kiçik su elektrik stansiyalarının yaradılması istiqamətində işlər intensiv davam edir. Cənab Prezidentin tapşırığıdır ki, kiçik su elektrik stansiyalarının tikintisinə özəl şirkətlər cəlb edilsin və o istiqamətdə işlər gedir.
"Azərenerji” tərəfindən hazırda azad olunmuş ərazilərdə artıq 4 kiçik su elektrik stansiyanın tikintisi bitib, 5-i üzərində iş gedir. Bundan başqa, təxminən 18 stansiyanın tikintisi də nəzərdə tutulub, bunların da ümumi gücü 80-90 meqavat ətrafındadır. Hazırda, yeni kiçik su elektrik stansiyalarının tikintisinə özəl investisiyaların cəlb edilməsi istiqamətində işlər aparılır.
- Bəs, bir kiçik su elektrik stansiyasının tikintisi təqribən neçəyə başa gələ bilər?
- Dəqiq demək çətin olacaq, amma ortalama 1 mln. ABŞ dolları rəqəmini götürmək səhv olmaz.
- Çox güman ki, bütün sahələrdə olduğu kimi, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində xüsusi məqamlar, çətinliklər var. Onlar hansılardı?
- Əsas məsələ ondadır ki, Azərbaycanda enerjiyə olan qiymətlər aşağıdır və bərpa olunan enerjinin qiymətinin daha yüksək olduğu üçün investorların gəlməsində çətinliklər var. Biz tariflərin artırılması istiqamətinə getmədən investorları cəlb etmək istəyirik. Ona görə də, biz yaradıcı yollardan istifadə eləməyə çalışırıq. Şəffaf, leqal amma kreativ yollardan istifadə etməyə çalışırıq, ona görə də bu günə qədər uğur qazanmışıq.
Mənə elə gəlir ki, əsas əngəlləyici faktor məhs qiymət faktorudur. Biz "yaşıllaşma"nı iqtisadiyyata zərər vermədən, yəni qiymətləri artırmadan, həyata keçirməyə çalışırıq, bizim başqa məhdudiyyətimiz yoxdur. İkinci məhdudiyyət kimi, bəlkə onu da qeyd eləmək olar ki, müxtəlif tarixi səbəblərdən Azərbaycanın digər ölkələrlə bağlantıları (elektrik enerjisi sahəsində - red.) Avropa ölkələrində olduğu kimi güclü deyil. Bağlantıların zəifliyi bərpa olunan enerjidə təhlükələri artırır, çünki bərpa olunan enerjinin dəyişkənliyini xarici ölkələrin köməyi ilə balanslaşdırmaq daha asandır, xarici bağlantılar az olanda, bu çətinləşir. Avropada ona görə iki üstünlük var, birincisi enerji qiymətləri yüksəkdir, ona görə də investorları cəlb edə bilirlər. İkincisi isə ondan ibarətdir ki, bir-biriləri ilə bağlantıları güclüdür, ona görə də, bir enerji sistemində problem yarananda, digər sistemlər onu balanslaşdırmağa kömək edir.