Azərbaycanda şəkərli içkilər bahalaşa bilər
06.06.2022
Azərbaycanda şəkərli içkilərə aksiz dərəcəsi tətbiq olunması təklif edilib.
"DM" xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev gündəmə gətirib.
Zaur Əliyev deyib ki, Azərbaycanda alkoqollu içkilərə və tütün məmulatlarına aksiz dərəcəsi tətbiq olunur.
Onun sözlərinə görə, bir sıra ölkələrdə alkoqollu içkilərlə bərabər, həm də tərkibində şəkər olan içkilərə aksiz tətbiq edilir. İTSDA İdarə Heyətinin sədri belə aksiz dərəcələrinin İcbari Tibbi Sığorta Fondunun formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Qeyd edək ki, "Tibbi sığorta haqqında" qanuna əsasən, hazırda vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı İcbari Tibbi Sığorta Fondu üçün tutulur. Həmin vəsaitlər isə hesabat dövründən sonrakı ayın 20-dən, yəni aprelin 20-dən gec olmayaraq İcbari Tibbi Sığorta Fonduna ödənilməlidir.