“Azərbaycan–Türkiyə birliyi regionda sülhü təmin edən başlıca amildir”
02.06.2022
"Azərbaycan torpaqlarının işğaldan azad olunması və ondan sonra baş verən proseslər göstərdi ki, Azərbaycan–Türkiyə birliyi və həmrəyliyi regionumuzda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir. Bu birlik bütün ölkələrin, o cümlədən qardaş türk dövlətlərinin maraqlarına cavab verir”.
"DM"xəbər verir ki, bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması türk dünyasının birlik və bərabərliyinin möhkəmlənməsi üçün də yeni imkanlar yaradıb: "Bir neçə gündən sonra – iyunun 15-də biz Azərbaycan–Türkiyə əlaqələrində daha bir əlamətdar hadisəni, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd edəcəyik. Dövlət başçılarımızın güclü qətiyyəti və iradəsi sayəsində ən yüksək zirvəyə çatmış Azərbaycan–Türkiyə müttəfiqlik münasibətləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ilə möhürlənib. Bu sənəd ölkələrimiz arasında dostluq və qardaşlığın mahiyyətini əks etdirməklə yanaşı, onların qarşısında dayanan yeni hədəfləri və məqsədləri müəyyən edir. Bu gün Azərbaycan–Türkiyə əlaqələrində sadəcə bir reallıq var. Bu da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi "bir millət, iki dövlət” reallığıdır. Heç şübhəsiz, Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı daim inkişaf edəcək və daha da möhkəmlənəcək”.