Nazir repetitor kurslarından danışıb
31.05.2022
Azərbaycanda özəl repetitorluq kurslarının özəl sektordakı sayı oturuşmuş ümumtəhsil məktəblərinin sayından qat-qat çoxdur.
"DM" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Təhsil biznesi: problem və perspektivlər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bunun səbəbi özəl kursların qısa və konkret olmasıdır:
"Valideynin gözləntisi ondan ibarətdir ki, repetitor daha qısa müddət ərzində uşağın imtahanda toplayacağı balı yüksəldir. Ona görə valideynlər kurslara həvəslə pul ödəyir. Amma biz fundamental təhsilə qayıtsaq və tədqiqatlara baxsaq, görərik ki, valideynlər repetitorlara nə qədər pul xərcləyirsə, xərcləsin, aşağı siniflərdə aşağı nəticə göstərən şagirdlərin, yuxarı siniflərdə, yaxşı nəticə əldə etməsi çox az hallarda, yəni daha çox istisna hallarda mümkündür. Təhsil uzunmüddətli, davamlı, arası kəsilməz prosesdir. Yəni 9 il heç nə etməyib, 10-11-ci siniflərdə kiməsə pul verib, daha çox bal yığmaq mümkün deyil. Bu məncə, bizim cəmiyyətimizdə olan çox ciddi bir mifdir”.