“Keyfiyyətli təhsilin yolu yetərli maliyyədən keçir”
31.05.2022
"Təhsilin bütün mərhələlərində keyfiyyətin davamlı olaraq yüksəldilməsinə, təhsil müəssisələrində innovativ strukturların yaradılmasına yol maliyyə yetərliliyinin təmin edilməsindən keçir”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilmiş "Təhsil biznesi: problem və perspektivlər” mövzusunda ictimai müzakirədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, son 30 ilin dünya təcrübəsi göstərir ki, təhsil müəssisələri daha çox maliyyə vəsaitləri əldə etmək üçün alternativ gəlir mənbələrindən istifadə edirlər:
"Belə ki, inkişaf etmiş və həmçinin inkişaf etməkdə olan ölkələrin əksəriyyətində yeni maliyyələşdirmə mənbələrinin müəyyən edilməsinə keçən əsrin 80-ci illərindən başlanılmış və nəticədə həmin ölkələrin təhsil müəssisələrinə müvafiq sahibkarlıq fəaliyyətləri ilə məşğul olmaqla əlavə gəlirlər əldə etmək üçün geniş hüquq və səlahiyyətlər verilmişdir. Nəticədə dünyanın bir sıra ölkələrinin təhsil müəssisələri yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi hesabına öz vəsaitlərini əhəmiyyətli dərəcədə artıra bilmişlər. Hazırda bu proses dünyada getdikcə sürətlə inkişaf edir. Onu da qeyd etmək lazımdır ki, əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi təhsilə dövlət maliyyələşdirilməsinin azaldılmasını stimullaşdırmışdıran bir alətdir”.