Yanmış meyiti aşkarlanan qadın öldürülübmüş
27.05.2022
Bakıda mənzildə yanğın zamanı meyiti aşkarlanan 1961-ci il təvəllüdlü Xuraman Feyzulla qızı Həsənovanın qətlə yetirildiyi məlum olub.
"DM" xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, araşdırılma zamanı qadının üzərində zorakılıq əlamətləri aşkar edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisənin təfərrüatının müəyyən olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam edir. Cinayətin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, mayın 26-da paytaxtın Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının tavanı 4 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Xuraman Feyzulla qızı Həsənovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.