Zurabişvili Cənubi Osetiyada keçiriləcək referendumu Rusiyanın təxribatı adlandırıb
26.05.2022
Gürcüstan Prezidenti Salome Zurabişvili iyulun 17-də Cənubi Osetiyada keçiriləcək Rusiyaya birləşməklə bağlı referendumu Rusiyanın təxribatı adlandırıb.
Tbilisinin Azadlıq meydanında 26 May Gürcüstanın Müstəqillik günü münasibətilə keçirilən mərasimdə çıxış edən dövlət başçısı bunun Rusiya Federasiyasının Gürcüstana qarşı anneksiya təhdidi olduğunu deyib.
Salome Zurabivşili vurğulayıb ki, Moskvanın addımları Tbilisini öz xarici siyasətini yenidən nəzərdən keçirməyə məcbur edə bilməyəcək.
O, Rusiyanı növbəti ciddi səhvə yol verməməyə çağırıb və əlavə edib ki, bu addım cavabsız qalmayacaq və beynəlxalq ictimaiyyətin müvafiq reaksiyası ilə üzləşəcək.
Salome Zurabişvili Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı güc yolu ilə qaytarmaq üçün uyğun vaxt axtarışında olması ilə bağlı xəbərləri Rusiyanın dezinformasiyası adlandırıb. O, rəsmi Tbilisinin heç vaxt Abxaziya və Cənubi Osetiyadakı vətəndaşlarına qarşı güc tətbiq etməyəcəyini vurğulayıb.
Gürcüstan Prezidenti hər iki separatçı regionu Gürcüstanın vəd etdiyi Avropa gələcəyinə qoşulmağa çağırıb.