Bu, Rusiyanın Ukraynaya son böyük hücumu olacaq
25.05.2022
Əgər Rusiya ordusu Ukraynadakı döyüş meydanında tezliklə mühüm nailiyyətlər əldə etməsə, müharibə dalana dirənəcək və Donbas döyüşü onların sonuncu böyük hücumu olacaq.
"DM" xəbər verir ki, bu barədə "Nyu York Tayms" yazıb.
Məqalədə deyilir ki, Kiyevi ələ keçirmək üçün uğursuz cəhddən sonra da Rusiya hərbi komandanlığı köhnə tələyə düşür:
"Onlar öz qüvvələrini eyni vaxtda həddən artıq çox yerə yayır. Donbasda bir aylıq aktiv hücumdan sonra Rusiya yalnız Popasnaya və Mariupolu ələ keçirməklə öyünə bilər. Lakin hər iki halda Ukrayna Silahlı Qüvvələri onlara bunu etməyə icazə verdi. İndi rus qoşunları Severodonetskdə Ukrayna qüvvələrini mühasirəyə almaq, orada "ikinci Mariupol” yaratmaq ümidi ilə Popasnayadan şimala doğru irəliləyir. Böyük ehtimalla, Ukrayna hərbçiləri ruslara mümkün qədər çox ziyan vurmağa çalışmaqla yanaşı, şəhəri mümkün qədər uzun müddət saxlayacaqlar. Bu qələbələr Rusiyanın Donbas üzərində nəzarəti ələ keçirməsi üçün kifayət etmir. Üstəlik, Rusiya qoşunları Ukraynadan fərqli olaraq etibarlı hərbi texnikaya malik deyil. Ruslar nə qədər irəliləsələr, onların təchizat xətləri bir o qədər uzanır və Ukraynanın əks-hücumlarına qarşı daha həssas olurlar. Bu səbəbdən Rusiya artıq zəbt olunmuş ərazini müdafiə etmək üçün qoşunlarını yenidən yerləşdirməli olur. Rusların hücuma yeni təkan vermək və nəzərəçarpacaq uğurlar əldə etmək üçün məhdud vaxtı var. Bundan sonra onlar müdafiə mövqelərini tutmağa məcbur olacaqlar və müharibənin gedişi səngiyəcək. Məhz buna görə də ekspertlər əmindirlər ki, Donbas uğrunda döyüş Rusiyanın Ukraynaya sonuncu böyük hücumu olacaq”.