Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin və dövlət sərhədində yeni avtomobil körpüsünün tikintisi davam edir.
Agentlikdən verilən məlumata görə, layihə Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204 –cü kilometrlik hissəsindən başlayaraq 3.05 km-lik hissəsini əhatə edir.
I texniki dərəcəyə uyğun olaraq inşa edilən, eni 26.5 metr, ayrıcı zolağın eni 4 metr, hər birinin eni 3.75 metr olmaqla 4 hərəkət zolaqlı olan yolun çiyinlərinin eni 3.75 m təşkil edir.
Yol yatağının hazırlanmasında fasilə yaranmasın deyə, əraziyə lazımi qədər tikinti materialları daşınıb, texnika və işçi qüvvəsi cəlb olunub. İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılır.
Yeni magistral yolun keçdiyi bəzi ərazilərdə vaxtı ilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunduğu üçün əvvəlcə bu hissədə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 m dərinlikdə qazılıb və dörd mərhələ üzrə ələnmiş çay daşı tökülərək kipləşdirilib.
Yolboyu 12 yerdə ümumi uzunluğu – 667 p/m təşkil edən dəmir-beton su ötürücü qurğularının, mal-qara üçün uzunluğu – 44.7 p/m olan 1 dəmir-beton keçidin, həmçinin uzunluğu 30 metr, eni isə 19.5 metr təşkil edən tunel tipli yol ötürücüsü üzrə də tikinti işləri başa çatdırılıb.
Avtomobil yolunun torpaq yatağı, yol əsasının alt və üst layları üzrə tikintisi işləri yekunlaşmaq üzrədir. Texoloji ardıcıllığa uyğun yaxın zamanda asfalt-beton örtüyünün döşənməsi işlərinə start veriləcək.
Yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası ilə dövlət sərhədində hazırda inşası sürətlə davam etdirilən avtomobil körpüsünə birləşir.
Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulur.
Yolun və körpünün 2023-cü ildə tikintisinin yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, "İnşaat Norma və Qaydaları"na əsasən birbaşa Agentliyin rəhbərliyinin nəzarəti altında aparılan yolun və körpünün tikintisi Şimal-Cənub nəqliyyat dəhlizi üzrə qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Bundan başqa avtonəqliyyat vasitələrinin Astara şəhər mərkəzinə daxil olmadan hərəkətini təmin edəcək ki, bu da həm əhalinin, həm də yoldan istifadə edən sürücülərin rahatlığı və təhlükəsizliyi baxımından önəmlidir.