Putin müharibə qərarını 13 saat öncə verib
24.05.2022
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya tammiqyaslı işğalla bağlı yekun qərarı onun başlamasına təxminən 13 saat qalmış verib.
"DM" xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
"Putin fevralın 23-də saat 15:00 radələrində hərbi əməliyyatların başlaması ilə bağlı yekun qərarı verib. O vaxta qədər isə hələ də müəyyən tərəddüdlər, hazırlıqlar və s. var idi. Həmin tarixə qədər o, istənilən variantdan istifadə edə bilərdi”, - Budanov bildirib.
Onun sözlərinə görə, Putin bu qərarı şəxsən verib:
"Bunu vurğulamaq istəyirəm. Bu qərarın qəbuluna heç kimin böyük təsiri olmayıb. Müharibə başlayan gün o, bütün qrupların komandirləri ilə şəxsən əlaqə saxlayıb, starta hazırlıqla bağlı rəsmi hesabatı dinləyib və hərbi təcavüzə başlamaq əmrini şəxsən verib. O, xəstə insandır. Simvollardan, tarixlərdən, simvolizmdən və bu kimi şeylərdən çox asılıdır”.
Budanov vurğulayır ki, kəşfiyyat dəqiq tarixi bilirdi və bu məlumat ölkənin ali rəhbərliyinə çatdırılıb:
"Cəmiyyət müharibəyə hazırlanırdı və əsas o idi ki, cəmiyyətdə çaxnaşma yayılmasın. Məhz buna nail olundu”.