Rusiyadakı Əpl mağazaları bağlanır?
24.05.2022
Əpl şirkətinin Rusiyadakı rəsmi riteylerləri olan "re:Store” və "iPort” şirkətləri mağazalarını bağlamağa başlayıblar.
"DM"xəbər verir ki, bu barədə "Kommersant” nəşri yazıb.
Səbəb kimi məhsul qıtlığı və smartfonlara tələbatın azalması göstərilib.
"re:Store” pərakəndə mağazalar şəbəkəsi Moskvada 8 məntəqəsini, ümumiyyətlə isə Sankt-Peterburq, Kazan, Krasnodar, Nijni-Novqorod, Çelyabinsk və digər şəhərlərdə satış nöqtələrini bağlayır. Bu şəbəkə ümumilikdə Rusiyada 87 mağazasını bağlamağa qərar verib.
"iPort” şirkətinin saytında isə Sankt-Peterburqda 4, ümumilikdə isə regionlarda fəaliyyət göstərən 28 mağazanın bağlanıldığı bildirilib.
Pərakəndə satış şirkətlərinin fikrincə, apreldə Rusiyada smartfonların satışı 30% azalıb və istifadəçilər əsasən aşağı büdcəli Çin modellərinə üstünlük verir. Belə ki, "Realme” Əpl məhsullarını sıxışdıraraq ilk üçlüyə daxil olub.