Bakıda taksi sürücüləri boykota başlayır
24.05.2022
Mayın 27-də saat 17:00-dan 19:00-dək "Bolt” şirkətində çalışan taksi sürücüləri tətbiqi bağlayıb, şirkəti boykot edəcəklər.
"DM" xəbər verir ki, bu barədə "Bolt” şirkətində çalışan taksi sürücüsü Nicat Məmmədov sosial şəbəkələrdə məlumat yayıb.
O bildirib ki, bu, boykotun "1-ci mərhələsidir”.
"Boykota qoşulan taksi sürücülərinin tələbləri bunlardır:
1. Komissiya 20%-dən 10%-ə endirilsin;
2. Minimal qiymət 2.40 manatdan başlasın;
3. Gedilən ünvan, qiymət, ödəniş üsulu sürücüyə göstərilsin. Sürücü fərdi sahibkar kimi fəaliyyət göstərir, sizin işçiniz olsaydı sürücülərlə işçi müqaviləniz olardı;
4. Kartla olan sifarişləri nağdlaşdırmaqda sürücülərə çətinlik yaradılmasın. 1-2 gün ərzində sürücünün hesabına avtomatik köçsün və ya gündəlik yanacaq talonu verilsin;
5. Gözləmə vaxtına görə hər dəqiqə ən azı 10 qəpik kimi hesablansın (hazırda 2 qəpikdi).
6. Müştəri sifariş verdiyi ünvandan əlavə sürdürsə, onun ödənişi proqramda avtomatik hesablansın;
7. Sürücülər səbəbsiz yerə bloklanmasın, nəsə problem varsa, ədalətli şəkildə araşdırılsın;
8. Sürücülərə verilən sifarişlər hava məsafəsiylə hesablanmasın;
9. Məsafəyə görə məbləğlər düzgün hesablansın. Bəzən yol olmayan yerlərdən məsafə hesablanır. Bu, əsasən mərkəzdən kənar yerlərdə olur;
10. Sürücülərin pulunu verməyib qaçan müştərilərin ödənişi "Bolt” tərəfindən tam olaraq kompensasiya olunsun;
11. Ləğv edilən sifarişlərə görə sürücülərə kompensasiya ödənilsin. Sürücü müştəriyə qədər boşuna yol sürmüş olur”.