Avtomobillərin icbari sığorta haqqı yeni qayda ilə hesablanacaq
23.05.2022
Azərbaycanda avtomobillərin icbari sığorta haqqı (NVSMMİS üzrə) yeni qayda ilə hesablana bilər.
Bu barədə İcbari Sığorta Bürosundan (İSB) bildirilib.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankı nəzarət qurumu olaraq sığorta sahəsində hüquqi bazanın inkişaf etdirilməsi və onun beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün müntəzəm olaraq işlər aparır: "Xüsusilə tarif dərəcələrinin təkmilləşdirilməsi və risk əsaslı sığorta haqqı hesablanması qaydalarının tərtib edilməsi istiqamətində müvafiq olaraq işlər aparılmaqdadır. Məlumat üçün bildiririk ki, risk əsaslı sığorta haqqı hesablanması üsulu dünya təcrübəsində də geniş istifadə olunur. Bu üsul tətbiq olunduqdan sonra sığorta haqqı hesablanarkən nəqliyyat vasitəsinin istehsal tarixi, sürücünün yaşı, təcrübəsi və ya hadisələrin baş verdiyi məkanlarla bağlı statistik göstəricilər nəzərə alınacaq".
İSB-dən onu da əlavə ediblər ki, bu şəkildə, yəni risk əsaslı sığorta haqlarının hesablanması üsuluna keçilməsi həm ədalətli şəkildə sığorta haqlarının ortaya çıxmasına, həm də ümumi sığorta haqlarının yığımında müsbət dinamikanın yaranmasına səbəb ola bilər.
Qeyd edək ki, sözügedən dəyişikliyin yeni qanun layihəsində əksini tapacağı gözlənilir.