Latviya XİN rəhbəri Türkiyədən dəstək istəyib
23.05.2022
Latviya xarici işlər naziri Edqars Rinkeviçslə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
"DM" xəbər verir ki, bu barədə Latviya XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər hazırkı geosiyasi vəziyyəti və NATO-nun genişlənməsi məsələsini müzakirə ediblər.
"Edqar Rinkeviçs telefon söhbət zamanı NATO-nun şərq cinahındakı mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq, Madriddə keçiriləcək NATO sammitində Türkiyədən Latviyada daimi müdafiə kontingentinin (briqada şəklində) yaradılmasına dəstək verməsini xahiş edib”, - mətbuat xidmətinin məlumatında qeyd olunub.
Nazir həmçinin Finlandiya və İsveçin NATO-ya qoşulmasının Baltikyanı ölkələrin, Şimali Avropanın və bütün alyansın təhlükəsizliyi üçün birbaşa və əhəmiyyətli irəliləyiş olduğunu, bu ölkələrin NATO-nun ən yaxın və etibarlı tərəfdaşları olduğunu vurğulayıb və onların regionda sabitliyin təmin edilməsində mühüm rol oynayacağına inandığını deyib.
"Eyni zamanda, Latviya xarici işlər naziri Türkiyənin legitim təhlükəsizlik maraqlarını anladığını bildirib. Nazir danışıqlar prosesində qarşılıqlı məqbul həll yolunun tapılacağına və Finlandiya və İsveçin yaxın gələcəkdə NATO-ya üzv olacağına ümid etdiyini bildirib”, - bildirilib.