Azərbaycan xarici işlər nazirinin müavini İsveçə səfər edib
20.05.2022
Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev 18-19 may 2022-ci il tarixlərində İsveç Krallığına işgüzar səfər edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində İsveç xarici işlər naziri Ann Linde, İsveç Parlamentinin spikeri Andreas Norlen və xarici işlər nazirinin müavini Maqnus Nilson ilə görüşlər keçirilib.
Görüşlər zamanı Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün hər iki paytaxtda silsilə tədbirlərlə birgə qeyd olunmasının önəmi vurğulanıb, ikitərəfli əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri müzakirə edilib və Cənubi Qafqazda post-münaqişə dövründə gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.
İsveç Beynəlxalq Məsələlər İnstitutu, Stokholm Şərqi Avropa Araşdırmaları İnstitutu (SCEEUS) və Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) rəhbərləri və tədqiqatçıları ilə keçirilmiş dəyirmi masalarda əsas müzakirə mövzusu post-münaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri və bu xüsusda beynəlxalq tərəfdaşların oynaya biləcəyi rol ətrafında olub.
Səfər çərçivəsində Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti və iki ölkənin xarici işlər nazirlərinin müavinləri Fariz Rzayev və Maqnus Nilsonun iştirakı ilə Stokholmun Nobel Mükafatı Muzeyində İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib.