21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Brüssel görüşünü labüd edən səbəblər

20.05.2022

Litva prezidentinin səfəri rəsmi protokol səfəri olduğu üçün bunu konkret vasitəçilik missiyası adlandırmaq mümkün deyil. Əgər səfər işgüzar xarakterli olsaydı, biz vasitəçilik haqqında danışa bilərdik. Səfərə uzun müddət hazırlıq gedib. Ancaq əlbəttə ki, tərəflər sözügedən səfərlər zamanı müəyyən mesajlar verir. Çünki Litva Avropa Birliyinin üzvüdür. Düşünürəm ki, AB institusional olaraq özü birbaşa vasitəçilik missiyasına qoşulub.

Bu sözləri Litva prezidentinin Azərbaycana və Ermənistana səfərini və İlham Əliyev və Nikol Paşinyanın 22 mayda Brüsseldə keçiriləcək görüşü haqqında danışan politoloq Fərhad Məmmədov deyib.

Politoloq tərəflər arasında dəqiqləşdirilməli bir çox məsələlərin olduğunu bildirib:

"Sonuncu dəfə aprelin 6-da keçirilən görüşdən sonra dəqiqləşdirilməli olan açıq məsələlər qalıb. Çünki əldə edilən razılığa görə, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiyası qurulmalı və aprelin sonunda ilk görüş keçirilməli idi. Hətta komissiyanın mandatı da müəyyən edilmişdi. Düşünürəm ki, Ermənistanın son bir ayda sərgilədiyi mövqe həm Birgə Sərhəd Komissiyasının, həm də sülh müqaviləsi üzərində işləyəcək komissiyasının müzakirə edəcəyi mövzuların və çərçivələrin dəqiq müəyyənləşdirilməsini labüd edir. Rəsmi İrəvan yenə də "status”, Qarabağ ermənilərinin təhlükəsizliyi və Minsk Qrupu məsələlərini gündəmə gətirmək istəyir. Lakin Şarl Mişelin son Brüssel görüşünə dair bəyanatında bu məsələlərin heç biri öz əksini tapmayıb”.

Politoloq bildirib ki, görüş zamanı müzakirə məsələlərdən digəri Ermənistan tərəfindən prosesin gecikdirilməsinin səbəbləri ola bilər:

"Əlbəttə, son bir neçə ayda ən yuxarı səviyyədə tərəflər arasında AB-nin birbaşa vasitəçiliyi ilə gedən danışıqlar önəmli məsələlər barədə irəliləyişlərin əldə olunması imkanlarının mövcudluğundan xəbər verir. Lakin çox şey İrəvanın niyyətindən asılı olacaq”.