Şuşada beynəlxalq konfrans başa çatıb
20.05.2022
Şuşada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransı öz işini başa vurub.
"DM" xəbər verir ki, iki gün davam edən konfransın birinci günündə "Yüksək səviyyəli panel", "Birinci plenar sessiya" və "İkinci plenar sessiya", ikinci günündə isə "Üçüncu plenar sessiya" və "Dördüncü plenar sessiya" olmaqla müxtəlif istiqamətdə çıxışlar olub, təkliflər irəli sürülüb.
Konfransda mədəniyyət naziri Anar Kərimov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Sultanbay Rayev, Maltanın UNESCO üzrə Milli Komissiyasının sabiq rəhbəri Raymond Bondin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos və digər hökumət və beynəlxalq təşkilatların nümayəndələri çıxış edib.
Konfransda milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı irsin qorunmasının gələcək perspektivləri, mədəni irsin qorunmasının sülhə, dialoq və əməkdaşlığa töhfəsi, mədəni irs davamlı sülhün təməli kimi, postkonfliktdən sonrakı dövrdə qurulan dialoqlarda mədəniyyətin rolu, keçmiş çağırışlar – gələcək perspektivlər: irsin idarə olunması siyasətinin urbisid kontekstində tətbiqi mövzusunda müzakirələr aparılıb, təkliflər irəli sürülüb.
Qeyd edək ki, konfrans iştirakçıları üçün günün ikinci yarısında Şuşa şəhərində gəzinti və tanışlıq təşkil ediləcək.