ABŞ Rusiyanı yenə HƏDƏLƏDİ
19.09.2018
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi Devid Traktenberq Rusiyanın silahlanmağı azaltmaq barədə səy göstərmədiyini açıqlayıb.
"Dövran Media" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ rəsmisinin fikrincə, Rusiya Federasiyası silahlanmanın azaldılması barədə sazişlərin yalnız özünə uyğun olan hissələrinə əməl edir. Nəticə olaraq, Rusiya ilə bağlanan bütün beynəlxalq müqavilələrin möhkəmliyi risk altındadır.
Beynəlxalq təhlükəsizlik mühitinin silahlanmağı nəzarət altına almaq tədbirlərini çətinləşdirdiyini qeyd edən Traktenberq, Rusiya ilə bağlanacaq silahlanmanın azaldılması müqavilələrinə başqa ölkələrin də qatılmasını zəruri hesab edir.
"Rusiya xüsusilə, strateji silahların azaldılması səylərinə ciddi bir maneə törədir. Rəsmi Moskvanın bu pozuntularına etinasız yanaşmaq, bu dövlətdən hesabat tələb etməmək məsuliyyətsizlik olar".
Xatırladaq ki, 2011-ci ildə ABŞ və Rusiya arasında imzalanan Yeni Strateji Silahları Azaltma Müqaviləsi (New START) 2021-ci ildə başa çatacaq. Sözügedən müqavilənin uzadılması barədə hələlik qərar qəbul edilməyib.