Bakı-Ələt-Qazax-Gürcüstan yolunda hərəkət məhdudlaşdırılacaq
18.05.2022
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən yolun Hacıqabul rayonu ərazisindən keçən 89,7-ci kilometrində yerləşən mövcud avtomobil körpüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq may ayının 18-dən 19-na keçən gecədən etibarən hərəkət qismən məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində tətbiq ediləcək. Təmir işləri müddətində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.
Qurum qeyd edib ki, sürücülərdən təmir işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.