Amerikalı həmsədr Azərbaycandadır
05.02.2018
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şofer Azərbaycana gəlib.
Bu gün E. Şofer və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olublar.
Diplomatları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, icmanın üzvü Fərhad Bədəlbəyli və Milli Məclisin deputatı Elman Məmmədov müşayiət ediblər.
R. Sekuta və E. Şofer məcburi köçkünlərin mənzil şəraitləri ilə tanış olublar. ABŞ diplomatları məcburi köçkünlərlə söhbət edib, onların fikir və istəklərini dinləyiblər.
Sonra "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri B. Səfərov, icmanın üzvü F. Bədəlbəyli və Milli Məclisin deputatı E. Məmmədov diplomatlara ermənilərin apardığı işğal siyasəti ilə bağlı məlumat veriblər. Onlar ABŞ-dan həmsədr ölkə kimi münaqişənin ədalətli həllinə dəstək verməsini gözlədiklərini bildiriblər.