21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda “Ağıllı poçt qutuları”nın istehsalına və tətbiqinə başlanılıb

17.05.2022

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycanda "Ağıllı poçt qutuları”nın ( "Kargomat”) istehsalına və tətbiqinə başlanılıb.

Agentlikdən verilən məlumata görə, yaxın iki ildə 500-dən çox "Kargomat”ın istehsalı və quraşdırılması nəzərdə tutulur.

Bununla bağlı 2021-ci ildə istehsalçı şirkət və sifarişçi arasında uzunmüddətli əməkdaşlıq haqqında sənəd imzalanıb. Layihə Azərbaycanda innovativ sahibkarlığın inkişafı, yeni texnoloji istehsal sahələrinin yaradılması, texnoloji məhsulların ixrac potensialının gücləndirilməsi, həmçinin logistika sektorunun inkişafını nəzərdə tutur. Hazırda terminalların Türkiyədə qurulması ilə bağlı danışıqlar aparılır ki, bu da öz növbəsində Azərbaycan və Türkiyə arasında innovativ sənaye istehsalı sahəsində kooperasiyanın genişləndirilməsinə xidmət edəcəkdir.

"Kargomat” tam avtomatlaşdırılmış poçt qutularından ibarət terminaldır. Bu terminallar vasitəsilə bağlamaları 7/24 rejimində növbə gözləmədən, təhvil nöqtələrinin və kuryerlərin iş qrafikindən asılı olmadan əldə etmək mümkündür.

"Kargomat” sensor ekran, POS-terminal, QR-kod və barkod skanerlər, videomüşahidə kameraları və etibarlı elektron qıfıllar ilə təchiz olunub. Terminalların fəaliyyəti kuryerlərin onlayn xidmətlərinə inteqrasiya olunub və tam avtomatik çalışır, operatorlar şəbəkənin distant nəzarətini və idarəedilməsini həyata keçirirlər. Bağlamaların ölçüsünə uyğun olaraq "Kargomat”larda müvafiq yuvalar var.

"Kargomat”ın işləmə prinsipi çox sadədir. Alıcı onlayn mağazada məhsulu sifariş etdikdən sonra çatdırılma üsulu kimi özünə ən yaxın olan "Kargomat” terminalını seçir. Bağlama qeyd olunmuş "Kargomat”a çatdırıldıqda istifadəçi SMS vasitəsilə bildiriş alır. Üç gün ərzində bildirişdə qeyd olunan kodu daxil etməklə bağlamanı əldə etmək mümkündür. Hazırda kuryer xidmətləri ilə anlaşma çərçivəsində "Kargomat”lara çatdırılma pulsuzdur. "Kargomat”ların market və ticarət şəbəkələrində, nəqliyyat qovşaqlarında və s. ərazilərdə yerləşdirilməsi davam edir.

İnkişaf etmiş ölkələrdə belə "ağıllı poçt qutuları” uzun müddətdir, istifadə edilir. Pandemiya dövründə xüsusilə kuryer və alıcı arasında təması nəzərdə tutmayan çatdırılma xidmətlərinə dünyada tələbat artıb. Bir sıra xarici ölkələrdə çatdırılmaların 70%-dən çoxu məhz "ağıllı poçt qutuları” vasitəsilə həyata keçirilir.