21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində - FOTO

16.05.2022

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Bakı Ali Neft Məktəbində olub, Ali Məktəbin kampusunda bp və tərəfdaşlarının BANM-ə hədiyyə etdiyi laboratoriyaya baş çəkib.

Bununla bağlı BANM məlumat yayıb.

Bildirilib ki, qonağı Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, Ali Məktəb fəaliyyətə başlayandan bp şirkəti daim dəstəyini göstərib və BANM-lə bp arasındakı əməkdaşlıq ən yüksək səviyyədə həyata keçirilir:

"bp ilə uğurlu əməkdaşlığın göstəricilərindəndir ki, hər il onlarla tələbəmiz bu şirkətdə təcrübə keçir. Hazırda bp-də kifayət qədər BANM məzunu çalışır. bp əməkdaşları BANM-də tədrisdə iştirak edir, bizim müəllimlər bp-nin layihələrinə qatılırlar. Ali Məktəbimizə bp və tərəfdaşlarının göstərdiyi dəstəkdən çox məmnunuq”.

BANM-də əmək bazarının tələblərinə uyğun ixtisaslarda kadrlar hazırlandığını bildirən rektor bərpaolunan enerji üzrə kadr yetişdirilməsinin planlaşdırıldığını, Azərbaycanda bu sahədə ingilis və Azərbaycan dillərində yeganə dərsliyin də Ali Məktəb tərəfindən dərc ediləcəyini vurğulayıb. Elmar Qasımov siqnal nüsxəni Qəri Counza təqdim edib.

Professor-müəllim heyəti və tələbələr qarşısında çıxış edən Qəri Counz BANM-in fəaliyyətini və sıx əməkdaşlığı yüksək qiymətləndirərək şirkətin Azərbaycanda fəaliyyətinin 30 illiyi münasibətilə və əməkdaşlığın inkişafına göstərilən dəstəyə görə Təşəkkürnamə təqdim edib. Qeyd edilib ki, bu Təşəkkürnamə ilk olaraq BANM-ə təqdim edilib.

Bakı Ali Neft Məktəbinin ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən olduğunu qeyd edən bp-nin regional prezidenti bildirib ki, burada tələbələr beynəlxalq standartlara uyğun təhsil alaraq peşəkar kadr kimi yetişirlər.

O, tələbələrə bp-nin Azərbaycandakı 30 illik fəaliyyəti, mühüm enerji layihələrinin operatoru olaraq həyata keçirdiyi işlər, enerjinin gələcəyi, gələcək trendlər, tələb olunan bacarıqlar barədə məlumat verib. "Azəri-Çıraq-Günəşli”, "Şahdəniz” və digər nəhəng neft-qaz layihələrinin operatoru olaraq bp-nin Azərbaycanda 30 ildir bu layihələri təhlükəsiz və etibarlı şəkildə həyata keçirdiyini bildirən Qəri Counz, həmçinin işğaldan azad olunmuş ərazilərdə günəş enerjisinin tikintisi layihəsi, ümumilikdə Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı, bp-nin enerji siyasəti, bərpaolunan enerji üzrə peşəkar mütəxəssislər yetişdirilməsi üçün dərslik hazırlanmasına dəstək və "yaşıl enerji”yə keçiddə əməkdaşlıqdan danışıb, tələbələrə tövsiyələrini verib, onların suallarını cavablandırıb.