Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
12.05.2022
MDB Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikası xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Tacikistan xarici işlər naziri Azərbaycan ilə münasibətlərin inkişafına əhəmiyyət verildiyini və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün addımların atıldığını qeyd edib. Bu xüsusda, qarşılıqlı səfərlərin vacib rolunu qeyd edən nazir Sirociddin Muhriddin Tacikistan Ali Məclisinin yuxarı palatasının sədrinin bu yaxınlarda Azərbaycana etdiyi səfərə istinad edib.
Nazir Ceyhun Bayramov səmimi qarşılamaya və qonaqpərvərliyə görə həmkarına təşəkkür edib. MDB Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyini yüksək səviyyədə təşkil etdiyinə görə qarşı tərəfi təbrik edən Nazir Ceyhun Bayramov, bu iclasın üzv ölkələr arasında gündəlikdəki çoxsaylı məsələlərin müzakirəsinə əlverişli şərait yaratdığını söyləyib.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Tacikistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ölkəmizin dost ölkə Tacikistanla ikitərəfli əlaqələrin inkişafına dəyər verdiyini qeyd edib.
Nazirlər, bu yaxınlarda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi, XİN-lərarası məsləhətləşmələrin davam etdirilməsi, habelə iqtisadi-ticarət sahəsində əlaqələrin inkişafı perspektivləri, o cümlədən Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyan növbəti iclasının keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı məsələləri müzakirə edilib.