XİN başçısının müavini Paraqvay Senatında görüşlər keçirib
12.05.2022
Xarici işlər nazirinin müavini Elnur Məmmədov mayın 10-da Paraqvay Senatın sədri Oskar Salomon, senatda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Lukas Akino, xarici əlaqələr komissiyasının üzvləri və Paraqvayın müxtəlif ticarət palatalarının rəhbərləri ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, görüş zamanı tərəflər ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini, ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafının zəruriyyətini vurğulayıblar.
Həmin gün nazir müavini Elnur Məmmədov, həmçinin Paraqvayın Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri və Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Uolter Harmsla da görüş keçirib.
Azərbaycan rəsmisi Paraqvayın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə davamlı dəstəyinə, o cümlədən Paraqvay Parlamenti tərəfindən Xocalı soyqırımın tanınmasına dair qəbul olunmuş qətnaməyə görə təşəkkür edib.
Görüşdə, həmçinin Azərbaycan və Paraqvay arasında beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.