Litva səfiri: “Aİ şirkətləri Qarabağın yenidən qurulmasına maraq göstərir”
12.05.2022
"Biz Avropa İttifaqına qoşulmazdan öncə referendum keçirdik. Aİ-nin sülh layihəsi olduğu ilə bağlı fikirlər vardı. Lakin insanları inandırmaq təbii ki, çətin idi, ancaq Litva Aİ yolunu seçdi”.
"DM" xəbər verir ki, bunun Litvanın Azərbaycandakı səfiri Egidius Navikas deyib.
O bildirib ki, Avropa İttifaqı sülh layihəsidir: "Aİ-də əsas məqamlardan biri də həmrəylikdir və bu təkcə maliyyə dəstəyi ilə bağlı deyil. Bu anlayış daha çox məsələni ifadə edir”.
Səfir qeyd edib ki, Aİ və Azərbaycan əməkdaşlığı qarşılıqlı səmərə deməkdir və xüsusilə də hazırkı vəziyyəti nəzərə alsaq, 44 günlük müharibədən sonra Aİ və Azərbaycan arasında münasibətlər intensivləşib: "Aİ Azərbaycanın öz qonşusu ilə münasibətləri normallaşdırmaq istəyini dəstəkləyir. Fakt budur ki, əvvəllər Aİ bu məsələdə az rol oynayıb, ancaq hazırda regionda normallaşma üçün imkanlar var və Aİ prosesdə fəal iştirak edir.
Aİ ölkələri, üzv ölkələrin şirkətləri Qarabağın yenidən qurulmasına maraq göstərir”.
Diplomat Aİ-nin Şərq Tərəfdaşlığı proqramından danışıb. O əlavə edib ki, bu layihə həmişə olduğu kimi, indi də vacibdir: "Mən deyərdim ki, azad viza rejimi münasibətlərdə vacib elementdir. Mən tərəfləri bu istiqamətdə işləməyə çağırıram. Bu mürəkkəb prosesdir, ancaq tərəflər buna maraq göstərək üzərində işləyə bilər”.
Səfir vurğulayıb ki, Azərbaycan Litvanın vacib tərəfdaşıdır: "Bizim strateji tərəfdaşlıq deklarasiyamız var. Həmişə yaxşı münasibətlərimiz olub, ortaq kədərli tariximiz və təcrübəmiz var”.
Diplomat xatırladıb ki, gələn həftə Litva Prezidenti Azərbaycana səfər edəcək: "Bu, ölkələrimiz arasında yaxşı münasibətlərin nümunəsidir”.