Rusların olmadığı Ağdərədə “Rus mərkəzi” açılıb
12.05.2022
Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində, keçmiş Ağdərə rayonunda "Rus mərkəzi” açılıb.
"DM" xəbər verir ki, bu barədə rus sülhməramlılarının himayəsində hələ də fəaliyyət göstərməyə cəhd edən erməni separatçı tör-töküntüləri açıqlama yayıb.
Bildirilib ki, mərkəz "rus dili və mədəniyyətinin öyrədilməsi” ilə məşğul olacaq.
Mərkəzin guya mesenatlar sayəsində açıldığı, xeyriyyəçilərin tədris materialları və mebel verdiyi iddia edilib.
Qeyd edək ki, Rusiyanın Qarabağ iqtisadi rayonu ərazisində "Rus icması” yaratması, "Rus mərkəzi” açmasının heç bir ictimai-sosial məntiqi yoxdur, çünki Qarabağda ümumilikdə 27 min erməni yaşayır. Dünyanın ən böyük ərazisinə malik olan Rusiyanın əhalisinin hər il bir milyon azaldığını və hazırda 138 milyona düşdüyünü nəzərə alsaq, rusların Qarabağa köçürülməsi də mümkün deyil. Buna baxmayaraq, burda "icma” yaradılır. Şübhəsiz ki, bunun səbəbi yalnız siyasi məqsədlərdir.
O ki qaldı "rus icması və mərkəzi”nə, Azərbaycanda Rus İcması da var, Rus Mərkəzi də; rusdilli orta məktəblər ümumi məktəblərin 8 faizinə qədərini təşkil edir, ali məktəblərin rus dili bölmələri fəaliyyət göstərir – halbuki ruslar ümumi əhalinin 0,9 faizindən də azını təşkil edir; Rus Kitab Evi də Bakının mərkəzində təmtəraqlı yerdədir; Rus İcmasının rəhbəri isə millət vəkilidir və s.
Ermənistanda bir ədəd də rusdilli məktəb yoxdur. Rusiya mədəniyyətinin və dilinin tədrisindən Ermənistanda "narahat” olmalıdır, Azərbaycanın müvəqqəti nəzarət etdiyi ərazilərində yox.