Rus generallar arasında mübarizə qızışır
11.05.2022
Rusiya hələ də Ukraynada müharibəni davam etdirmək əzmindədir. Rusiya generalları isə "xüsusi əməliyyat”ın uğursuzluğuna görə gizli qarşıdurmaya başlayıblar.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, Rusiyanın səylə gizlətdiyi itkiləri "kompensasiya etmək” üçün məktəblərin məzunları müharibəyə göndəriləcək:
"Kremlin yaxın gələcəkdə Ukraynada müharibəyə son qoymaq niyyətindən əsər-əlamət yoxdur. Əvəzində gizli səfərbərlik adlanan əməliyyatı həyata keçirmək cəhdləri davam edir. Aktiv kampaniya aparılır, həmçinin hərbi məktəblərin məzunlarının və kursantlarının döyüş bölgəsinə göndərilməsi halları müşahidə olunur. Xüsusilə, iyunun 25-nə planlaşdırılan Marqelov adına Ryazan Ali Hava Desant Komandanlıq Məktəbinin məzunlarının əksəriyyətinin dərhal Ukrayna ərazisindəki əməliyyat bölgələrinə göndərilməsi planlaşdırılır”, - məlumatda deyilir.
Qeyd olunur ki, "xüsusi hərbi əməliyyatın” uğursuzluğu rus generalları daxilində gizli qarşıdurmanın güclənməsinə katalizator olub:
"Xüsusilə Baş Qərargahda. Baş Qərargahdakı qruplar arasında fikir ayrılığı və gizli rəqabət müharibə başlamazdan çox əvvəl mövcud idi. Lakin son uğursuzluqlar və Rusiya isteblişmentindəki digər güc mərkəzlərinin uğursuzluqlara görə bütün məsuliyyəti hərbçilərin üzərinə atmaq cəhdləri qarşıdurmanın kəskin şəkildə artmasına səbəb olub”.