4 qubernator eyni gündə gedib – Putinə etiraz başlayır
11.05.2022
Rusiyada dörd qubernatorun və Mari-El Respublikasının rəhbərinin eyni gündə istefasını mövcud iqtidara qarşı narazılıq kimi qiymətləndirmək mümkündür. Çünki belə hadisələr Rusiyada nadir hallarda baş verir.
Bu sözləri Rusiyanın Tomsk, Kirov, Saratov, Ryazan vilayətlərinin qubernatorlarının və Mari-El Respublikasının rəhbərinin eyni gündə istefa etməsini Axar.az şərh edən Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.
Professorun sözlərinə görə, sanksiyalardan qorunmaq üçün istefa edən məmurların yaxın gələcəkdə sayı arta bilər:
"Sözügedən istefa addımları Rusiyaya və konkret olaraq vəzifəli şəxslərə tətbiq olunan sanksiyalardan qorunmaq məqsədilə də atıla bilər. Doğrudur, hazırda sanksiyalar əsasən Putinin yaxın ətrafına tətbiq edilir, lakin siyahının zamanla genişlənməsi ehtimalı böyükdür. Digər tərəfdən biz son aylarda baş verən müəmmalı oliqarx ölümlərini də nəzərə almalıyıq. Bundan başqa Moskvada keçirilən 9 May paradında da Baş Qərargah rəisi Valeri Gerasimovun iştirak etməməsi artıq Vladimir Putinin yaxın ətrafı arasında fikir ayrılıqlarının, narazılıqların olduğunu nümayiş etdirir. Fikrimcə, hazırda müharibənin ağırlığını hələ tam hiss etməyən rus xalqı iqtisadi sanksiyaların ağır nəticələri ilə yaxın aylarda üzləşməli olacaq. Nəticədə əvvəl Ukrayna müharibəsini dəstəkləyən cəmiyyətdə mövcud iqtidara qarşı etirazlar çoxalacaq və daha kəskin xarakter daşıyacaq”.