Hacıqabulda sel körpünü uçurub: Yaşayış məntəqələri ilə əlaqə kəsilib
11.05.2022
Hacıqabulda sel körpünü yenidən uçurub.
Məlumata görə, son günlər havaların qeyri-sabit keçməsi nəticəsində rayonun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda daşqınlar yaranıb. Yerli sakinlərin sözlərinə görə, sel suları çayın üzərindəki köhnə körpünü uçuraraq tamamilə yararsız hala salıb. Bununla da Udulu kəndi istiqamətində yeddi yaşayış məntəqəsinin rayonla əlaqəsi müvəqqəti kəsilib.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sel suları Udulu kəndini birləşdirən çay üzərindəki körpünü uçursa da, yaşayış məntəqələrini birləşdirilən Tağılı kəndi istiqamətindəki alternativ yoldan istifadə edilir. Uçan körpünün yaxınlığında isə yeni körpü tikilir. Sel dayanan kimi həmin körpünün tikintisi davam etdiriləcək.
Tikinti başa çatdıqdan sonra əhalini narahat edən problem birdəfəlik həll olunacaq.
Qeyd edək ki, sel mayın 9-da axşam saatlarında da Pirsaatçay üzərindəki köhnə körpünü uçurmuşdu.