Hərbi Prokurorluqda Heydər Əliyevlə bağlı tədbir keçirilib
06.05.2022
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 6-da Hərbi Prokurorluqda tədbir keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə bu qurumun inzibati binasındakı "Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Tədbirdən öncə mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs etməklə çıxışını davam etdirən Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Onun istefa verdiyi vaxtdan - 1987-ci ilin oktyabrından 1993-cü ilin iyununda növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövrdə ölkədə yaranmış özbaşınalığın, anarxiyanın, xaosun, hakimiyyət nümayəndələrinin xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət etməsinin iqtisadiyyatımızın tənəzzülə uğraması, ictimai-siyasi sabitliyin pozulması, eləcə də tarixi torpaqlarımızın işğal olunması ilə nəticələndiyini, eyni zamanda, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsini yaratdığını, yalnız dahi şəxsiyyət Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab olunan bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb. Bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan söz açan Hərbi prokuror bildirib ki, Prezidentin dərin zəkası, zəngin biliyi, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşdırılıb. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib. Millətinə xidməti həyat amalına çevirmiş Prezident İlham Əliyevin verdiyi bütün vədləri əməlləri ilə doğruldaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirməklə xalqın sonsuz məhəbbətini qazandığını vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev, dövlətimizin başçısının növbəti dəfə də vədinə əməl etməsindən, işğal altında olan tarixi ərazilərimizin azad olunmasından, bu şərəfli missiyanın həyata keçirilməsi zamanı müşahidə olunan bənzərsiz lider-xalq-ordu vəhdətindən, Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazdıqlarından ətraflı danışıb.
Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin dühası və gərgin əməyi ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və müharibədən yeni çıxmış dövlət olmasına rəğmən, ölkəmizin eyni templə hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı bu gün də uğurla təmin edilir.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, əldə olunan uğurlarda və dövlətimizin qüdrətlənməsində, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, mədəniyyətimizin bütün dünyaya tanıdılmasında hərtərəfli biliklərə, iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi və səmimiliyi ilə seçilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Mehriban xanımın respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafındakı xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü nəhəng işlər dövlətimizin tərəqqisinə və xalqın rifahının yaxşılaşdırılmasına töhfələr verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xalqda olan sonsuz inamdan irəli gələn bənzərsiz sevgidən bəhs etməklə çıxışını yekunlaşdıran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi millətimizin və dövlətimizin maraqlarına xidmət edən ulu öndər siyasətinin Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə icra etməklə Azərbaycanın firavan gələcəyinin təminatı olan müdrik siyasəti daim dəstəkləyəcək.
Hərbi prokuror Xanlar Vəliyev çıxışının sonunda qeyd edib ki, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.
Tədbir əbədiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.