İstifadəyə verilmiş obyektlərin SİYAHISI
16.09.2018
2018-ci ilin yanvr-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8953,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22,7 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 37,7 faiz artıb. Ümumi sərmayənin 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 69,6 faizi məhsul istehsalı obyektlərinin, 22,9 faizi xidmət sahələri üzrə obyektlərin, 7,5 faizi isə ümumi sahəsi 1247,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59,4 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,7 faiz, bank kreditləri 14,7 faiz, büdcə vəsaitləri 25,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,0 faiz, büdcədənkənar fondların vəsaitləri 1,7 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.
2018-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq "Yasamal-1" və "Qobu", 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, "Bona Dea" Beynəlxalq Hospitalı, "Dinamo" hoteli, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhərində Naftalan şəhər Mərkəzi Xəstəxanası, Goranboy rayonunda "Region Aqropark", Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq "Dəliməmmədli" elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmaz rayonunda "Azərxalça" ASC-nin Xaçmaz filialı, İsmayıllı rayonunda Heyvandarlıq Kompleksi, Aqropark, "İsmayıllı" elektrik yarımstansiyası, "Azərxalça" ASC-nin İsmayıllı filialı, Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində "Xəzər" avtomobil zavodu, Şamaxı rayonunda Üzümçülük və şərabçılıq kompleksi, Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi-Lahıc avtomobil yolu, bunlardan əlavə, Naxçıvan Muxtar Respublikasında bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi, 922 şagird yerlik 3, Bakı və Şəki şəhərlərində, Abşeron, Balakən, Şamaxı rayonlarında 5816 şagird yerlik 5 ümumtəhsil məktəb binası və s. obyektlər istifadəyə verilib.